Rəşad Abdullayev: Şəhid XTQ kapitanı

2021/01/800px-1611913794.jpg

line

Ad: Rəşad
Soyad: Abdullayev
Ata adı: Arif
Doğum tarixi: 14.09.1988
Rütbə: Kapitan
Vətən müharibəsi qəhrəmanı

Niyyətlərimiz, amallarımız qədərik əslində. Bir zaman Onları Şəhidliyə sövq edən bu hiss, bu amal bu gün Onların özünü məqsədə çevirdi. “Qartal həmişə dağ başında olar” deyərək haqqın ən uca zirvəsinə yüksəldi Canavar təxəllüslü Rəşad Abdullayev. 1941-1945-ci illər Böyük Vətən müharibəsinin qəhrəmanı olan babası Məmmədağa Abdullayevdən Aslanım dediyi nəvəsinin damarlarına axan bu qan Vətən, namus, torpaq - II Qarabağ Müharibəsinin ən yüksək zirvəsinə ucaltdı onu.


YoungPress.az olaraq bu dəfə Şəhidimiz, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı Abdullayev Rəşad Arif oğlunun özü kimi məğrur həyat yoldaşı Gülnar xanımla həmsöhbət olduq:


“Rəşadla 2012-ci ilin sentyabrında tanış olmuşduq. 15-i məni görüb, 16-sı tanış olmağa gəlmişdi. Elə o vaxtdan “səni bir gün də olsun buraxmayacam” dedi.  Əvvəl Rəşadı istəməmişəm, amma Onun mənə olan sevgisi məni Ona bağlayıb. Rəşadı yaxından tanıyanda isə başa düşdüm ki, O, vazgeçilməz insandır.


1 yaş yarımlıqdan atamın üzünü belə görmədən itirmişəm, nə bacım var, nə də qardaşım. Rəşadla tanış olanda O, bunların hamısını bilirdi. Mənə dedi ki, “bundan sonra sənin atan da, qardaşın da, bacın da mənəm”. Elə də oldu. Həqiqətən də təsəvvür etməzdim ki, sözünün üstündə duracaq. Mənimlə balaca bir uşaq kimi davranırdı Rəşad. 2013-cü ilin sentyabrın 8-i ailə qurmuşuq. O gündən atanın necə olduğunu bilmişəm. Rəşadda gördüm bir ata evə gələndə uşağı sevindirmək üçün əlində nəisə gətirər. Övladımız olmamışdan atalığın necə olduğunu göstərdi mənə. Birinci qız övladımız olub. Qızına çox bağlı idi Rəşad. Qızımız nə istəsəydi onu hər zaman, gecə də olsaydı edərdi. 2-ci övladımız oğlan olub. Atası ilə bir-birinə çox bağlı idilər. Oğlum hələ də atasının yolunu gözləyir. Amma qızımız bildirməsə də, hər şeyi başa düşür.



Sentyabrın 26-sı Rəşad gedəndə demişdi ki, “1 həftəyə sağ-salamat qayıdacam, bir arzum var, gəlim onu edəcəyik”. Rəşad gedəndə uşaqlar yatmışdı, o qədər onların boyunlarından, əllərindən öpdü ki, elə bil hiss etmişdi ki, geri dönməyəcək. Telefonla danışanda da “ermənilər bizim üçün heçnədir, narahat olma, mənə heç nə olmayacaq. Uşaqlar nə istəsə al, puldan narahat olma, əsas uşaqların ürəyincə olsun, darıxmasınlar mənim üçün” demişdi.


İnana bilməzdim ki, Rəşad Şəhid olacaq. Çünki aprel döyüşlərində 4 gün mühasirədə qalıb ermənilərə qan udduran oğul idi O. Həmişə ən böyük qorxum da Onu itirmək olub. Bir gün uşaqlarımız mənim kimi tək qalar deyə çox qorxmuşam. Çünki biz həmişə hərbiçi həyatı yaşayırdıq, bilirdi ki, bunlar hər an ölüm ilə üz-üzədir. Hər təlimə gedəndə adsız zəngləri qorxa-qorxa açmışam ki, nəisə eşidəcəm və dünyam dağılacaq. Hətta Şəhadətə çatmamış yaralı olanda döyüş yoldaşına deyib ki, uşaqlarımı yetim qoymaq istəmədim. Amma Vətəninə çox bağlı idi Rəşad. Vətən deyəndə ağzında dili quruyardı, həddindən artıq çox sevirdi Vətənini. Elə ona görə də canını Vətəninə fəda etdi. Rəşadın Şəhid xəbəri gələndə təsəvvür edə bilməzsiniz ki, necə dünyam dağıldı. Həyat o anda söndü mənim üçün. Düzdür, yaşayıram, nəfəs alıram, amma buna Onun əmanətlərinə görə məcburam. Şəhid xanımı olmaq çətin, amma bir o qədər də qürurludur.



Rəşad sağkən də Onunla həmişə qürur duyurdum, ölümü də qürurlu oldu. Rəşad kimi bir oğulun adı ölümə layiq ola bilməzdi. Ancaq şərəfli ölümə layiq olardı O. Elə oldu da. Rəşad Özü deyirdi ki, “Gülnar, bəlkə getdiyim yerdə öləcəm. Onda deyəcəklər ki, Rəşad öldü. Amma Şəhid olsam, bu isə şərəfdir”. Rəşadın həmişə sözü idi: “Şərəfli yaşa, şərəfli öl.”


Oğlumuz Məmmədağanı Özü kimi kəşfiyyatçı və yaxud hərbi-həkim, qızımız Rüqəyyanı isə hərbiçi, ya da həkim kimi görmək arzusu idi. Övladları ilə bağlı o qədər azuları, istəkləri vardı ki. Təəssüf ki, Ona görmək qismət olmadı.



Ailəsinə, sevdiklərinə, qohumlarına çox bağlı idi Rəşad. Mehriban, gülərüz, xeyirxah, mərd, zəhmətkeş, işini, peşəsini sevən, Vətəni uğrunda canını verən Azərbaycanın qeyrətli, igid oğlu idi. 27 sentyabr 2020-ci il Murov dağına öz hərbi dəstəsi ilə ilk ayaq basan, ən öndə gedərək 34 erməni postunu alan, Murova Azərbaycan bayrağını birinci sancan, düşmənlə üzbəüz vuruşub sinəsindən yaralanan, 20 saat yaralı qalmasına  baxmayaraq, zabitlərindən ayrılmayan, yaralı-yaralı ayağa qalxıb onlara yol göstərən, zabit yoldaşlarına əziyyət verməmək üçün Onu daşımalarına razı olmayıb, Onu buraxıb  irəli getmələrini əmr edən, neytral zonada  yaralı qalaraq  Murov yüksəkliyində Şəhid olan Qəhrəman idi Rəşad Abdullayev.


Ağdərə, Kəlbəcərdə düşməni lərzəyə salan neçə-neçə əməliyyatların iştirakçısı olub. Ən böyük arzusu Qarabağı alarkən Şəhidlik zirvəsinə yüksəlmək idi. Kəlbəcərin azad edilməsi əməliyyatında 29.09.2020-ci il tarixində qəhrəmancasına şücaət göstərib döyüşərək Şəhadətə qovuşdu”.


Vətən Müharibəsi Qəhrəmanı, ana-atanın tək oğlu, 3 bacının yeganə qardaşı olan Abdullayev Rəşad Arif oğlu 14 sentyabr 1988-ci ildə Cəlilabad rayon Göytəpə şəhərində anadan olub. 1995-2003-cü illərdə Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbində təhsil alan Şəhidimiz 2003-2006-cı illərdə təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirir. 2006-cı ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq 2010-cu ildə həmin məktəbi “Motoatıcı” ixtisası üzrə bitirmişdir. Məktəbi bitirdikdən sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə Leytenant hərbi rütbəsi verilmişdir.



Daha sonra Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursuna dinləyici olaraq göndərilmiş, burada da təhsilini tamamladıqdan sonra Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə 24.06.2010-cu il tarixindən 12.12.2011-ci ilədək Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Motoatıcı Taborun Tankəleyhinə Tağım Komandiri vəzifəsində xidmət etmişdir.



12.12.2011-ci ildə XTQ kursu keçmək üçün “N” saylı hərbi hissəyə ezam olunmuş, kursu bitirdikdən sonra isə Azərbaycan Respublikası Müdafiə nazirinin 08 iyul 2012-ci tarixli əmri ilə “N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin olunmuşdur. Hazırdakı vəzifəsi “N” saylı hərbi hissədə komandir müavini, kapitan qərərgah rəisi, tabor komandiri idi. Kapitan Abdullayevə xüsusi şücaətinə görə vaxtından tez 2 rütbə artıq təqdim ediləndə isə bundan imtina etmişdir.



Çox sayda kəşfiyyatlarda iştirak etmiş Rəşad Abdullayev hər bir tapşırığın öhdəsindən layiqincə gələrək çox böyük nailiyyətlər əldə etmişdir:


1)Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2008-ci il tarixili əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunmuşdur;



2)Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2013-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə təltif olunmuşdur;



3)Aprel döyüşlərində iştirak edərək Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur;



4)Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2017-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur;



5)Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuşdur;



6)Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuşdur;



7)2014-2015-2017-2019-cu illərdə xarici ölkələrdə XTQ kurslarının, o cümlədən Türkiyədə keçirilən “TurAZ Qartalı” paraşut təlimlərinin iştirakçısı olaraq fərqlənmə ilə bitirmişdir.



Yaxın zamanda rütbəsinin yenə də qalxacağı gözlənilirdi. Elə də oldu. Ən ali rütbəni 29 sentyabr 2020-ci il Vətən uğrunda ən uca məqama - Şəhidlik zirvəsinə qalxdığı gün aldı Rəşad Abdullayev.


Şəhidimiz Abdullayev Rəşad Arif oğlu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəhadətindən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.


İndi bütün Azərbaycanın atası da, qardaşı, namusu, Vətəni də Sizlər oldunuz, Şəhid qardaşım..!











memorial.az