Cəfərli Əli: Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub

2021/05/95466-1622477810.jpg

line

Ad: Əli
Soyad: Cəfərli
Ata adı: İsa
Doğum tarixi: 29.08.2001
Rütbə: kiçik çavuş


Şəhid Cəfərli Əli İsa oğlu avqust ayının 29-u 2001-ci ildə Füzuli rayonunda doğulub.

Şəhid Cəfərli Əli İsa oğlu və ailəsi məcburi köçkün kimi Füzuli rayonunun Zopçuq 2 qəsəbəsində qeydiyyatda olmuşlar və Əli 27 saylı orta məktəbdə təhsil alıb. Uşaqlıqdan arzusu tarix müəllimi olmaq olan qəhrəmanımız Suqovuşanda tarix yazmışdır.

2019-cu ilin oktyabr ayında hərbi xidmətə yola salınan şəhidimiz 2020-ci il sentyabrın 27-si müharibə başlayan zaman ilk şəhidlərimizdən biridir. Şəhidimizin cənazəsi bir ay ərzində tapılmamış, daha sonra DNT analizi ilə tapılmışdır.

Əli oktyabrın 26-sı dəfn edildi. İki bacının bir qardaşı idi. Əmisi də 1992-ci ildə şəhid olub. Adil Cəfərov Aydın oğlu.

Turaz.org müsahibəni təqdim edir.

Əli sizə necə övlad olub? Evin tək oğlu iki bacının bir qardaşı, necə övlad oldu sizə?

Əli həm qohum, həm qonşu arasında çox sakit, mədəni, mərifətli bir oğlan olub. Sinifyoldaşları dostları arasında da seçilən insan idi. Əsgərliyə gedəndə nənəsi istəmirdi getsin, amma o dedi yox, gedib xidmətimi edib sağ-salamat qayıdacam. Həmişə mərifətli, böyük-kiçik yeri bilən oğlan idi.

Şəhidimiz harda xidmət edirdi?

Naftalanda xidmət edirdi, sonra müharibə ilə bağlı Suqovuşan tərəfdə şəhid oldu.

Daha bir oğlunuz olsaydı, onu da bu müharibəyə göndərərdiniz mi?

Bəli, onsuz da onun əmisi də şəhid olmuşdu, o həmişə deyərdi ki, hər şey vətən üçündür. Belə bir sözü var idi, deyərdi, əmim vətən üçün şəhid olubsa, biz niyə getmirik? Hamı bu vətən üçün, biz hamımız bu vətənin oğluyuq. Belə deyərdi

Oğlunuz, bizim Qələbə şəhidlərimizdən biridir. Tək bugün deyil, bundan sonra hər anımızda, hər ilimizdə onları yad edəcəyik, onlar üçün dualar oxuyacağıq. Son nəfəsimizə qədər də onlarla qürur duyacağıq. Oğlunuzun belə igidlər sırasında yerinin olması necə bir hisdir?

Əlbəttə, ana üçün oğlunun şəhid kimi getməyi, təmtəraqla , adlı-sanlı getməyi böyük fəxrdir. Onun bir sözü var idi, həmişə “mən tarixçi olacam” , deyirdi, amma özünü tarixə yazdı.

Ataların bir sözü var, niyyətin hara mənzilin ora. Bəs onun niyyəti, arzusu, istəyi nə idi? Şəhid olmaq arzulayan bir insan idi mi?

Bəli, o həmişə deyərdi ki, mən əsgər gedəcəm, sağ salamat qanuni hərbi-xidmət vəzifəmi yerinə yetirib qayıdacam. Şəhid olmaq da yəqin onun arzusu idi, vətən uğrunda getmək arzusu idi. Evin tək oğlu olduğundan nənəsi dedi, saxlatdıraq getməsin, amma özü istəmədi.

Onunla sonuncu dəfə kim danışıb? Danışanda vəziyyəti haqda nə deyirdi?

Axrıncı dəfə atası ilə danışıb. Danışanda deyirdi, mən arxadayam narahat olmayın, amma biz narahat olmayaq deyə aldadırmış. Müharibə başlayan gündən arxada deyilmiş. Axrıncı dəfə danışanda vəziyyətiin yaxşı olduğunu deyirdi. Deyirdi, heç yanıma gəlməyin, karantin müddəti bitsin məzuniyyətə gələcəm. Belə demişdi.

Sentyabrdan əvvəl, təxminən iki ay əvvəl Tovuzda cəbhə xəttində döyüş zamanı generalımız Polad Həşimov və polkovnikimiz İlqar Mirzəyev, həmçinin başqa əsgər və zabitlərimiz şəhid oldular. Sizinlə danışarkən onlar haqda, şəhidlərimiz haqda nəisə deyirdimi?

Hə, deyirdi bizim Generalımız şəhid olub, çox yaxşı insan idi, əsgərlə bir postda dayanırdı. Deyirdi ki, Generalımız şəhid olubsa, biz niyə olmayaq? Atası ilə danışanda deyirdi, 11 şəhidimiz var, narahat olmayın, qisaslarını alacağıq.

Şəhidlərimiz bizim həyatımızı da, yaşadığımız vətənimizi də borclu olduğumuz yeganə insanlardır. Bu il bizim 2783 Qələbə şəhidimiz oldu.

Bəli, Qələbə şəhidimiz, necə də qürurla səsləndiririk bu ifadəni. Artıq o şəhidlərimizin ailəsi ailəmizdir, bütün xalqımızın başı sağ olsun. Hər zaman belə bir və güclü olmağımız diləyi ilə… Vətən sağ olsun.

Allah cümlə şəhidlərimizə rəhmət etsin, amin inşallah.