İkram Məmmədov: 3 ay sonra DNT analizi ilə kimliyi məlum olan şəhid

2021/05/image-1622458175.jpg

line

Ad: İkram
Soyad: Məmmədov
Ata adı: Ehtiram
Doğum tarixi: 08.06.2002
Rütbə: Əsgər


Məmmədov İkram Ehtiram oğlu 08 iyun 2002-ci ildə Xaçmaz rayonunun Çiləngir kəndində anadan olub.

2 qardaş 1 bacı olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2008-ci ildə Xaçmaz rayon şəhid Əfqan Yəhyayev adına tam orta mətəbin 1-ci sinfinə gedib. Qohum-qonşuları arasında sevilib-seçilən İkram oxuduğu məktəbdə də həm sinif müəllimlərinin, həm də şagirdlərin sevimlisi olub. 2017-ci ildə orta təhsilini əla qiymətlərlə başa vurduqdan sonra Xaçmaz rayon 97 №-li peşə məktəbinə daxil olub və traktorist peşəsi üzrə təhsilini davam etdirib.

2020-ci il iyul ayının 13-də Xaçmaz rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan İkram Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. 3 ay orada xidmət etdikdən sonra Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəyə xidmətini davam etdirməyə göndərilib. Arzusu xidmətini başa vurduqdan sonra hüquq mühafizə orqanları polis vəzifəsində işləmək olur.



Azərbaycan Ordusunun əsgəri olan İkram Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Düşmənə sarsıdıcı zərbələr endirir, xeyli sayda canlı qüvvəsini məhv edir. Qəhrəman İkram 13 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən şiddətli döyüşlərdə itkin düşür.

Onun nəşi uzun müddət tapıla bilməmişdir. İkram Məmmədov oktyabrın 13-dən itkin düşmüş hesab olunurdu. 3 ay sonra, yanvar ayının 13-də DNT analizi ilə İkramın şəhid olduğu məlum olur. Şəhid doğulduğu Çiləgir kənd qəbiristanlığında torpağa tapşırılıb.

İ.Məmmədov Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.