Ramiz Ağayev: Füzulidə ağır yaralandı, Şuşada şəhid oldu

2021/01/13602-1610103097.jpg

line

Ad: Ramiz
Soyad: Ağayev
Ata adı: İmamverdi
Doğum tarixi: 25.07.1993
Rütbə: MAHHXHQ, çavuş

Qarabağımızı işğaldan azad edən oğullarımızdan biri də – Ağayev Ramiz İmamverdi oğludur.


O, 1993-cü ildə Bakının Biləcəri qəsəbəsində dünyaya göz açıb. 301 saylı orta məktəbdə təhsilini bitirdikdən sonra hüquqşünas olmaq istəyirdi. Lakin qəbul imtahanlarında yüksək bal toplaya bilməyir. Həqiqi hərbi xidmətə getdikdən sonra uşaqlıqdan arzuladığı peşəyə – hərbçi olmağa qərar verir. Valideynlərinə bu barədə bildirdikdə, onlar Ramizin bu qərarına təəccüblə yanaşırlar. Çünki bir vaxtlar səhərlər yuxudan oyanmağa çətinlik çəkən Ramizin ömrünü çətin olduğu qədər, şərəfli olan – hərbiyə bağlayacağını düşünmürdülər.

Lakin o, hərbçi kimi daim təlimlərdə iştirak edir, müxtəlif mükafatlara layiq görülür. Xidmət dövrünün 7 ilini paytaxtdakı hərbi hissələrdən birində keçirir. Daha sonra təlimlər üçün rayonlardan birinə göndərilir.

Vətən müharibəsi başlayanda xüsusi təyinatlı hərbçi kimi Ramiz Murov istiqamətində gedən döyüşlərdə iştirak edir. Murovdağ zirvəsinin düşməndən azad edilməsində xüsusi şücaətlər göstərir. Daha sonra Füzuli istiqamətində gedən döyüşlərə sözün əsl mənasında qəhrəmanlıq nümayiş etdirir. Xeyli sayda düşmən hərbçisini məhv edib, özü isə çiyin və boğaz nahiyələrindən 3 güllə yarası alır. Yaralanmasına baxmayaraq, hələ bir müddət döyüş meydanında döyüşür. Yarası ağır olduğundan, hərbi hospitala yerləşdirilir. Çiynində olan mərmi çıxarılmadan təkrar döyüşlərə qatılır.

Qardaşı Ramil Ağayev deyir ki, 2020-ci sentyabrın sonundan isə Ramiz xüsusi təyinatlı olaraq döyüşlərin öndə gedənlərindən olur: “Qardaşım 3 döyüşdə iştirak edib. Murov döyüşündə, Füzuli döyüşlərində iştirak edib. Daha sonra Füzulinin işğaldan azadlığı uğrunda gedən döyüşlərdə yaralanıb, Şirvan Xəstəxanasına gətirilib. 3 güllə yarası almışdı (545 gəzən güllə) 2-sini çiynindən 1-ini boğaz nahiyyəsindən. Sonra qardaşım yaralı ola-ola getmək istəyib. Amma maşında yer olmayıb. Bəlkə də, Allah da getməsini istəməyib. Sonra isə yəqin ki, Allah da gördü ki, bu adam döyüşmək, şəhid olmaq istəyir”.

Hətta şəhid hərbçimiz bacısı ilə yazışmasında müalicə aldığı hospitaldan cəbhəyə qayıdacağını deyir. Bacısının təkidinə baxmayaraq, o, Vətənə olan borcunu, şəhid yoldaşlarının qisasını almaq, ən əsası isə işğal altında olan torpaqlarımızı düşməndən azad etmək fikrindən geri çəkilmir.

“Çıxıb gedib. Bizə də xəbər etməyib ki, mən artıq getmişəm. Biz sonradan bilmişik ki, o, həmin döyüşlərdə iştirak edib. Şuşanı alıblar. Ancaq bu döyüş gedə-gedə şəhid olmayıb. Şuşanı işğaldan azad ediblər. Şuşa Qalasına nəzarət keçdikdən sonra səhəri gün ermənilərin atdığı artilleriya mərmisinin qəlpəsi ürəyinə sancılıb və qardaşım şəhid olub”, – şəhid Ramizin qardaşı bildirir.

Atası İmamverdi Ağayev deyir ki, Ramizin ən böyük arzusu general olmaq idi:

“Bir dəfə dedi ki, mən general olacağam. Dedim, axı sən oxumamısan, necə ola bilər? Dedi, yox, olacağam”.

General olmaq arzusuna çata bilməsə də, döyüşlərdə göstərdiyi şücaəti, qoçaqlığı ilə şəhadət zirvəsinə yüksələn xüsusi təyinatlı çavuş, şəhid Ramiz Ağayev general Polad Haşımovun dəfn olunduğu 2-ci Fəxri Xiyabanda dəfn olunub.