Səid Cəfərov: Zəfərə saatlar qalmış şəhid olan 27 yaşlı igidimiz

2021/05/seid-1622381120.jpg

line

Ad: Səid
Soyad: Cəfərov
Ata adı: Zəfər
Doğum tarixi: 04.02.1993
Rütbə: Baş çavuş


Səid Cəfərov

Səid Zəfər oğlu Cəfərov 1993-cü il fevralın 4-də Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olub. 1999-2010-cu illərdə İ. Səfərov adına Mürsəqulu kənd tam orta məktəbində təhsil alıb.

Səid Cəfərov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2013-2014-cü illərdə Daxili Qoşunların Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində, 2014-2017-ci illərdə Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2017-ci ildən isə Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Səid Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səid Cəfərov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səid Cəfərov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


"Oğlum həddindən artıq çox vətənpərvər, cəsarətli, sakit və ağıllı olub. Uşaqlıqdan hərbi kinolara baxıb, daim hərbçi olmağı arzu edərdi. Səidin bir sözü var idi "ana, bir gün gələn, bir gün də gedər, amma mən istəyirəm ki, öləndən sonra adım qəhrəman kimi tarixə düşsün, adi ölüm istəmirəm".



Bu sözləri News24.az-a Şuşanın azadlığı uğrunda canından keçən və qəhrəmancasına şəhid olan 27 yaşlı Xüsusi Təyinatlı, Baş Çavuş Səid Cəfərovun anası Könül Cəfərova deyib.




"Oğlum deyərdi ki, "ana, biz torpaqlarımızı qaytarmasaq, gələcək nəsil bizə nifrət edər" deyən şəhid anası oğlundan göz yaşları içində danışır:  "Bəli, oğlum vətənini, torpağını çox sevirdi. Uşaqlıqdan hərbçi olmaq istəyirdi. Hələ orta məktəbdə oxuyarkən hər zaman silah, avtomat, tank şəkillərini çox çəkərdi. İndi ondan geriyə şəkillər və xatirələr qaldı. (ağlayır) Silahdan, güllədən, ölməkdən heç vaxt qorxmurdu. Sona qədər vətən uğrunda savaşdı və qəhrəmancasına şəhid oldu. Neçə-neçə insanları xilas elədi, amma özü həyatla mübarizə apara bilmədi. Səidin uşaqlıqda çənəsinin üstündən almatur keçmişdi. İnanırsınız ki, Səid o çapıqla tanındı. Oğlum qələbəyə saatlar qalmış şəhid oldu. Noyabrın 9-u axşam saatlarında 34 igidimiz Şəhidlik Zirvəsinə ucaldı".



K. Cəfərova bildirib ki, oğlunu sonuncu dəfə bir il öncə görüb: "Oğlumu müharibəyə yola sala bilmədim. O, Bakıda yaşayırdı. Sonuncu dəfə bir il bundan öncə yanıma, Neftçalaya gəlmişdi. Bacısı, balaca qardaşı ilə sağollaşdı, amma mənimlə yox. (ağlayır) Düzdür, telefonla danışırdıq, amma oğlumun gözəl üzünü görə bilmədim. Son illərdə ümumiyyətlə məni özündən uzaq tuturdu. Sanki hiss edirdi ki, nə vaxtsa əbədi olaraq yanımdan gedəcək. Səidin bütün arzuları özü ilə birlikdə getdi. Atasına maşın almaq istəyirdi, pulunu da yığdı, amma ala bilmədi. Sonuncu dəfə oğlumla oktyabrın 31-də cəmi səkkiz saniyə danışa bildim. Dediyi son sözü "ana, sən özündən muğayat ol, mən yaxşıyam. Darıxma İnşallah görüşəcəyik. Mən gələcəm, amma bilmirəm necə. Ya əlimdə bayraqla, ya da bayrağa bürünmüş".



Mən onda o, sözlərin mənasını anlamamışdım. Oğlum ayaqla getdiyi yerdən bayrağa bürünmüş qayıtdı. Mən heç onun üzünü belə görə bilmədim. Oğlum heç on dəqiqə qonağım ola bilmədi. (ağlayır) Səid Neftçalada dəfn olunub. Düzdür, mən istəyirdim ki, oğlum bütün şəhid balaları kimi Fəxri Xiyabanda dəfn olunsun, amma İcra Hakimiyyətindən bizə dedilər ki, artıq yer yoxdur, məcbur olub oğlumu babasının yanında dəfn etdik".




Şəhidimizin anası qəhrəmanımızın arzularından da söz açıb: "Biz Səidin babasıgilin evində qalırdıq, öz şəxsi mənzilimiz yox idi. Səidin ən böyük arzusu bizə Bakıdan ev alıb, bütün ailəni bir araya gətirmək idi. Hər şey indi hazırdır, amma Səidim yoxdur. (ağlayır) Səid axı burdadır? mən indi necə ora gedim? Amma bu onun vəsiyyətidir. Sonradan eşitdim ki, Səid bir həkim qız istəyirdi, amma heç mənim xəbərim yox idi. Deyirdi ki, "ana, mən 30 yaşımda evlənəcəyəm, çünki görüləsi hələ çox işlərim var". Səid hərbini o qədər çox sevirdi ki, heç nəyə baxmayaraq bu peşəni daim məsuliyyətlə icra edirdi. Ən böyük arzularından biri də Hərbi Paradda iştirak etmək idi, amma qismət olmadı. Çox istəyirəm ki, oğlum unudulmasın, tarixi kitablarda ondan yazılsın". 



Qəhrəmanımızın bacısı Aygün Cəfərova da şəhadətlik zirvəsinə ucalan qəhrəmanımızdan danışıb: "Qardaşımın hərbiyə olan marağı və sevgisi böyük idi. Biz də ona heç vaxt mane olmurduq. Çox çalışqan idi. Hara gedirdisə ancaq təriflərlə qayıdırdı. Səid sonuncu dəfə döyüş dostunu, Baş Leytenantı xilas etməyə gedəndə şəhid oldu. Nə özünü, nə də doğmasını xilas edə bilmədi. Onlar 34 nəfər idilər, hansılar ki, ilk Şuşaya daxil olmuşdular, amma heç biri həyatda qala bilmədilər. Şəhidlərimiz Şuşanı işğaldan azad etdilər, amma qələbəyə bir neçə saat qalmış şəhid oldular.



Mənə atam qədər yaxın olub. Ailədə üç uşaq idik, bir qardaşım getdi, balacası qaldı. Balaca qardaşım da döyüşdə olub, amma arxa cəbhədə. O, hazırda Bərdədir. Mənə dedi ki, mütləq gələcəm. Gəldi də, amma bayrağa bürünmüş. (ağlayır) Səid çox mülayım idi. Şəhidlərin simalarına baxanda dəhşətə gəlirəm. Hər birinin üzündə bir nur var. Sanki Allah onları ayrı seçib. Səid də onlardan biridir. Müharibə başlamamışdan üç gün öncə mənimlə vidalaşdı. Yəni, getməyinə görə məni hazırlayırdı. Sentyabrın 23-də mənə zəng edib dedi ki, "bacı, işdən tez gəl sənə sözüm var". Mən də tez getdim. Mənə dedi ki, "Hər an müharibə başlaya bilər, hazırlıqlı olun, çünki mən gedəcəyəm". Düzü, inanmadım və bir az da narahat oldum. O da təlimlərdən qayıtmışdı. Üstündən dörd gün keçdi və o getdi. Müharibənin ilk günlərində tez-tez telefonla əlaqə saxlayırdıq, amma son günlərdə vidalaşdı və dedi ki, önə gedirəm ola bilsin ki, zəng edə bilməyəcəm. Hər zaman da deyirdi ki, müharibə başlasa ölsəm belə sona qədər gedəcəm, qayıtamayacağam. Və elə də oldu. (ağlayır) Qardaşım tarix yazdı".










memorial.az