Mirsədi Bağırlı: Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə fərqlənən kiçik gizir

2021/05/Mirse-1622378711.jpg

line

Ad: Mirsədi
Soyad: Bağırlı
Ata adı: Mircəfər
Doğum tarixi: 12.06.2000
Rütbə: Kiçik gizir


Kiçik gizir Bağırlı Mirsədi Mircəfər oğlu 12 iyun 2000-ci ildə Tərtər rayonunun Umudlu kəndində anadan olmuşdur. 2006-2015-ci illərdə Tərtər rayonu ərazisində yerləşən Kəlbəcər rayon 66 saylı orta məktəbində təhsil almışdır. Sonralar öz təhsilini Bərdə liseyində davam etdirən Mirsədi 2018-ci ildə oranı təmirçi-çilingər avtomobil sürücüsü ixtisası üzrə bitirmişdir. 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmətdə olarkən sərhədçi peşəsinə maraq göstərən Mirsədi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət etdi. 08.02.2020-ci il tarixdən xidmətə qəbul olunan Mirsədi qısa müddət ərzində xidmət etdiyi Çevik Hərəkət Briqadasında rəislərinin və yoldaşlarının etimadını qazana bildi.

Vətən müharibəsi başlayanda Mirsədi snayperçi kimi cəbhəyə yollandı. Cəbrayıl və Xocavənd rayonları ərazisində gedən döyüşlərdə fərqlənmişdir. Ancaq təəssüf ki, onun döyüş yolu qısa oldu. Mirsədi oktyabrın 9-da Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Subay idi.

Kiçik gizir Bağırlı Mirsədi Mircəfər oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

11 oktyabr 2020-ci ildə Bərdə rayonunun Mehdixanlı kəndində dəfn olunub.