İlkin Xosrovzadə: Torpaqlarımızın azad olunması onun ən böyük arzusu idi

2021/05/ilkin-1622377910.jpg

line

Ad: İlkin
Soyad: Xosrovzadə
Ata adı: Azay
Doğum tarixi: 01.12.1997
Rütbə: Kiçik gizir


Kiçik gizir Xosrovzadə İlkin Azay oğlu 1 dekabr 1997-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olmuşdur. 2004-2015-ci illərdə Laçın rayonunun Bayram Məmmədov adına orta məktəbində təhsil almışdır. 2015-ci ildə Bakı Biznes Universitetine daxil olan 2017-ci ildə təhsilini müvəqqəti dayandıraraq hərbi xidmətə yollanmışdır. İlkin müddətli həqiqi hərbi xidmətini Dövlət Sərhəd Xidmətinın Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsində keçmişdir. Əsgərliyi başa vurduqdan sonra İlkin peşəkar sərhədçi olmaq qərarına gəlir 24.04.2020-ci il tarixdən Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunur.

Vətən müharibəsi başlayanda İlkin Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında istehkamçı-minaaxtaran vəzifəsində xidmətə edirdi. İlkin 1-ci çevik hərəkət taborunda xidmət etdiyi müddətdə intizamlı olmuş, üzərinə düşən vəzifələrin öhdəsindən laiqincə gəlmişdir. Doğma Laçının timsalında digər işğal altında olan torpaqlarımızın azad olunması onun ən böyük arzusu idi. Buna görə də İlkin müharibə başlayan kimi dərhal ön cəbhəyə yollandı. Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edən İlkin, Zəngilan şəhəri və ətraf ərazilərin, İran İslam Respublikası ilə dövlət sərhədinin işğaldan azad olunmasında rəşadət göstərmişdir. Oktyabrın 22-də Zəngilan rayonu ərazisində Sığırd yuksəkliyinin azad olunması uğrunda döyüşdə başından qəlpə yarası alan İlkini xilas etmək mümkün olmadı və o qəhrəmancasına şəhid oldu.

Subay idi.

Kiçik gizir Xosrovzadə İlkin Azay oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
25 oktyabr 2020-ci il tarixdə Sulutəpə qəsəbəsində dəfn edilib.