Orxan Quluzadə: 18 düşmən əsgərini məhv edən qəhrəman şəhidimiz

2021/05/orxan-1622377726.jpg

line

Ad: Orxan
Soyad: Quluzadə
Ata adı: Elxan
Doğum tarixi: 29.06.1994
Rütbə: Kiçik gizir
Qarabağ Ordeni

Orxan Quluzadə 1994-cü ilin 29 iyun tarixində Lənkəran şəhərində anadan olmuşdur. 2000-cı ildə Lənkəran Şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü lisey-məktəbdə ibtidai təhsil almağa başlamışdır.

İbtidai təhsilini bitirdikdən sonra 2011-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. O, Bakı şəhərində Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün manqa-komandiri vəzifəsində, kiçik çavuş rütbəsində xidmət etmişdir. Hələ uşaq olarkən Orxanın idmana böyük həvəsi var idi. O, Lənkəran şəhərində qaydasız döyüş idman növü ilə məşğul olmuşdur.



Respublikamızın müxtəlif şəhər və rayonlarında idman yarışlarında iştirak etmiş, yüksək nailiyyətlər qazanmışdır. Bundan əlavə, Orxanın xarici dillərə böyük həvəsi var idi. Ən çox ingilis dilinə meyilli olması onun həmin dildə olan yarışlarda dəfələrlə iştirak etməsinə və yüksək nəticələr göstərərək, sertifikatlarla və diplomlarla təltif olunmasına səbəb olmuşdur. 2013-2017-ci illər arasında Orxan müxtəlif yerlərdə işləmişdir. Lakin respublikada cərəyan edən hadisələr Orxanın vətənpərvər hislərini daha da dərinləşdirmişdir. Azərbaycanı- öz doğma vətənini həyatından çox sevməsi onun öz həyatına hərbçi kimi davam etməsinə səbəb oldu.



Buna görə o, könüllü olaraq 2017-ci ilin oktyabr ayında Dövlət Sərhəd Xidməti komandanına ərizə ilə müraciət etmişdir. 2018-ci ilin mart ayının 29-da Dövlət Sərhəd Xidməti Komandanının əmri ilə Yevlax şəhərində “N” saylı hərbi hissəyə xidmət etmək üçün göndərilmişdir. Xidmət zamanı fərqləndiyinə görə qısa bir zamanda ona kiçik gizir rütbəsi verilmişdir. Çevik hərbi dəstənin kəşfiyyat bölüyünün kəşfiyyatçı-snayperçi vəzifəsində xidmət etmişdir.



İkinci Qarabağ müharibəsi başlanan ilk gündən döyüşlərdə iştirak etmişdir. 8 noyabr 2020-ci il tarixində Zəngilan rayonunun Şükrütaz yüksəkliyi uğrunda gedən döyüşlərdə 18 erməni hərbi qulluqçusunu məhv edərək, yaralı yoldaşlarını döyüş meydanından xilas edərkən qəhrəmancasına şəhid olmuşdur. Göstərdiyi şücaətə görə döyüşdüyü posta "Orxan Postu" adı verilmişdir.



Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Orxan Quluzadə "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə". medalları ilə təltif olunmuşdur.


***


Vətən sevgisi, ana yurda məhəbbət hər nə qədər mücərrəd anlayış hesab olunsa da özünü konkret əməllərdə əks etdirir. Hər bir vətən övladının yiyələndiyi ilk peşə məhz Vətənə məhəbbətdir. Uşaq, yaşlı, kişi, qadın demədən hər kəs, ilk öncə Vətəni sevməyi, daha sonra böyüyüb sənət sahibi olmağı öyrənir. Qəhrəmanımız Orxan Quluzadə də, doğma torpaq üçün doğulub, yaşayıb, uğrunda can verib, onun qoynuna köçənlərdəndir.



O, 29 iyun 1994-cü ildə Lənkəran şəhərində anadan olub. Ailənin ilk övladı idi, özündən kiçik bir qardaşı var.  2000-ci ildə, Lənkəranda, V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü litsey-məktəbdə 1-ci sinifə başlayır. Qəhrəmanımızın elə uşaqlıqdan  idmana və hərbiyə böyük həvəsi olub. Orxan bir müddət, Lənkəran şəhərində qaydasız döyüş idman növü ilə məşğul olur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Xidmətini kəşfiyyat bölüyünün manqa komandiri vəzifəsində, kiçik çavuş rütbəsində başa vurur. Daha sonra 2017-ci ildə hərbiyə yenidən qayıdır.

27.03.2018-ci il tarixdən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunan Orxan 4 aylıq hazırlıq kursunu müvəffəqiyyətlə başa vurduqdan sonra Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında kəşfiyyatçı kimi xidmətə başlamışdır. , daha sonra isə snayperçi vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddətdə intizamlı olmuş, verilmiş tapşırıqları dəqiq və vaxtında yerinə yetirmiş, komandirlərinin və yoldaşlarının etimadını qazanmışdır. Həssaslığı və çalışqanlığı ilə seçilən Orxan həm də sərrast snayperçi kimi formalaşmış, təlimlərdə yüksək nəticələr göstərmişdir.

Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə atılan Orxan sərrast atəşləri ilə onlarla düşmən əsgərini məhv etmiş, düşmənin atəş nöqtələri susdurulmuş, qüvvələrimizin irəlləməsinə əlverişli şərait yaradılmışdır. Xocavənd rayonunun yaşayış məntəqələrinin və Zəngilan şəhərinin azad olunması əməliyyatlarında fəal iştirak etmişdir. Oktyabrın 21-də çevik hərəkət taboru ilə Zəngilan istiqamətində bir sıra yüksəkliklərinin azad edilməsi uğrunda döyüşlərə qatılmış, şəxsi igidlik nümunəsi göstərmişdir.


Böyük zəfərə 2 gün qalmış – noyabrın 7-də Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən 812.0 yüksəkliyini düşməndən azad edilərkən Orxan qəhrəmancasına şəhid oldu. Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Giziri Orxan Quluzadə ailəli idi, özündən sonra vətənə əmanət 2 yaşlı qızı qaldı. Ailəli idi.

Kiçik gizir Quluzadə Orxan Elxan oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Qarabağ” ordeni”, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

8 noyabr 2020-ci ildə Lənkəran şəhərində Şəhidlər xiyabanında dəfn edilib.


Hafta.az Vətən müharibəsinin qəhrəman şəhidi Orxan Quluzadənin həyat yoldaşı Ayşə xanımla həmsöhbət oldu. Ayşə xanım deyir ki, Orxan həm işinə, həm də ailəsinə çox bağlı olub.


"22 iyul 2017- ci ildə ailə qurmuşuq. 2 yaşında Ayla adlı bir qızımız var.


Yoldaşım 29 mart  2018-ci ildə, Yevlax şəhərində yerləşən "N" saylı hərbi hissədə  kəşfiyyatçı olaraq xidmətə başladı. İşini elə çox sevirdi ki, məzuniyyətə gələndə belə sıxılırdı, necə tez çıxıb gedə bilər deyə fikirləşirdi. Onun vətənə olan sevgisini, bağlılığını hansı sözlə daha doğru ifadə etmək olar heç bilmirəm".



Müharibə başlayanda Orxan evə zəng edir, sevinci səsindən açıq-aydın hiss edilirdi...


-Nəhayət ki bu gün gəldi, indi torpaqlarımızı azad edə biləcəyik.


-Orxan mən səni itirə bilərəm, çox qorxuram.


-Sən heç nədən qorxma, kəşfiyyatçı yoldaşısan, başını hər zaman dik tut.


Şəhidin həyat yoldaşı söyləyir ki, onu sonuncu dəfə sentyabr ayının əvvəlində görüb. İşi haqqında evdə heç vaxt danışmazdı. Elə buna görə də, nə keçirdiyi təlimlərdən söz açdı, nə də müharibədən.



"Çox güvənirdim ona, inanırdım ki, sağ salamat qayıdacaq. Müharibə vaxtı da, əlaqə saxlayırdı bəzən. Hər danışanda deyirdi ki, "Məqsədimizə çatırıq, inşallah tezliklə qayıdacam".  Axırıncı dəfə Zəngilanda olanda zəng etdi. Dedi ki, "Az qalıb, sonuncu döyüş əməliyyatımızdı. Ondan sonra 1 həftəlik evə getmək üçün icazə veriləcək".


Sözünü tutdu. Orxan noyabrın 8-i evə qayıtdı, ancaq, bayrağa bükülü tabutu ilə...


Həyat yoldaşı deyir ki, bir-birimizi çox sevmişik. Ailələrdən xəbərsiz, qaçaraq evləndik. Toyumuz belə olmadı.  Həmişə bir arzusu var idi. Deyirdi, "Gec də olsa, sənə o gəlinliyi geyindirəcəm". Toyumuzu etmək istəyirdi, bunun həvəsi ilə yaşayırdı.


Yoldaşım mərd idi heç nədən qorxmurdu. Vətən ailədən başlayır deyirlər, yəqin ona görə həm bizə, həm də vətəninə bu qədər bağlı idi. İndi qızımız evdə atasını axtarır. Ona ata yox, Orxan deyə müraciət edirdi. Tez-tez çölə çıxır, atasını çağırır, "Orxan gəl" deyir. Gözü elə hey onu axtarır, şəkillərinə baxır. Hələ iki yaşı var heç nəyi başa düşmür. Ancaq hiss edirəm ki, Orxanın yoxluğu ona da çətindir.


Ayşə xanım bildirir ki, Orxanın döyüş yoldaşı ona bu sözləri deyib:  "Elə həmin ərəfədə 18 erməni öldürmüşdü. Yaralı yoldaşlarını döyüş meydanından çıxararkən minamyot atəşi nəticəsində qəlpə yarası aldı. Orada vəziyyəti ən ağır olan Orxan idi. Həmin an heç kəs başını qaldıra bilmirdi. Orxan yaralı halda belə dayanmadı, öz qisasını da elə özü aldı.  Mən əsil qəhrəmanlıq nümunəsini onda gördüm. O bizi qorudu, amma,  biz onu qoruya bilmədik".


Bəli, yaralı şəhidimiz, son damla qanına qədər düşmənin üzərinə gedib. O bu torpaqlarda can qoyan nə ilk, nə də son qəhrəmanımızdır. Ocağımız Orxanların közü ilə bu gün daha gur yanır. Azadlığımız, bütövlüyümüz və milli kimliyimiz uğruna can verən bütün qəhrəmanlarımıza Allah rəhmət etsin.



memorial.az