Amin Novruzov: "Vətən sağ olsun" deyərək şəhidlik zirvəsinə yüksəldi

2021/05/amin-1622376928.jpg

line

Ad: Amin
Soyad: Novruzov
Ata adı: Tacəddin
Doğum tarixi: 16.08.1996
Rütbə: Kiçik gizir
Vətən müharibəsi qəhrəmanı


Kiçik gizir Novruzov Amin Tacəddin oğlu 16 avqust 1996-ci ildə Balakən rayonunun Qullar kəndidə anadan olmuşdur. 2002-ci ildə Cərətli kəndində Mikayıl Muşviq adına orta məktəbdə 1-ci sinifə getmiş, 2008-2013-cü illərdə isə Texniki-Təmayülü liseydə təhsilini davam etdirmişdir. 2012-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 16.02.2017-ci il tarixdən Dövlət Sərhəd Xidməti sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunan Amin 5 aylıq hazırlıq kursunu müvəffəqiyyətlə tamaladıqdan sonra Amin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında tuşlayıcı-operator vəzifəsində xidmətə başlamışdır. Amin xidmət etdiyi müddətdə intizamlı olmuş, verilmiş tapşırıqları dəqiq və vaxtında yerinə yetirmiş, keçirilən taktiki təlimlərdə yüksək nəticələr əldə etmiş, hərbi hissənin ən yaxşı tuslayıcı-operatorlardan biri olmuşdur.

Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Amin Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. 16 oktyabr 2020-ci il tarixdən Cəbrayıl-Zəngilan istiqamətində İran İslam Respublikası ilə dövlət sərhədinin azad edilməsində, Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən strateji əhəmiyyətli yüksəkliklərin düşməndən təmizlənməsi uğrunda döyüşlərdə qəhrəmanlıq və şücaət göstərmişdir. Noyabrın 1-də 1117.0 adsız yüksəkliyinin azad edilməsində Amin şəxsi igidlik nümunəsi göstərmişdir. Həmin gün yüksəkliyin geri alın¬ması məqsədilə düşmənin əks-hücumun qarşısını alarkən boğazindan ağır güllə yarası alan Amin “ ..düşünməyin ki, mən ölümdən qorxuram, yox, əgər sağ qalsam yenidən bu vətən üçün döyüşməyə gələcəm, yox əgər şəhid olsam Vətən sağ olsun” deyərək gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəldi.

Subay idi.

Kiçik gizir Novruzov Amin Tacəddin oğluna döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

3 noyabr 2020-ci il tarixdə Balakən rayonu Şəhidlər xiyabanında dəfn edilib.