Fərid Quliyev: Hadrut uğrunda döyüşlərdə fərqlənən kiçik gizir

2021/05/ferid-1622375167.jpg

line

Ad: Fərid
Soyad: Quliyev
Ata adı: Ayazxan
Doğum tarixi: 28.10.1994
Rütbə: Kiçik gizir


28 oktyabr 1994-cü ildə Cəlilabad rayonunun Babalı kəndində anadan olmuş və 2000-2011-ci illərdə həmin kənddə orta təhsil almışdır. 2012-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ilin oktyabr ayında Dövlət Sərhəd Xidmətinin sıralarına qəbul olunan Fərid ilkin hazırlıq kursunu keçdikdən sonra 13.03.2020-ci il tarixdən xidmətini davam etdirmək üçün Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsinə göndərilmişdir. Fərid kəşfiyyatçı kimi xidmətini davam etdirmək istəyirdi. Bu arzusunu reallaşdırmaq üçün o, öz xidməti yerinin Qazax əlahiddə sərhəd diviziyasına dəyişdirilməsi barədə müraciət etmişdi. Məhz bu müraciətlərdən sonra Fəridin xidmət yeri əməliyyat şəraiti daha çətin olan Qazax əlahiddə sərhəd diviziyasına dəyişdirildi. Ermənistanla bilavasitə həmsərhəd ərazilərdə xidmət Fərid üçün nə qədər çətin olsa da, bir o qədər də qürurverici idi və öz vəzifələrinin öhdəsindən layiqincə gəlirdi.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Fərid birbaşa döyüşlərə yollandı. Xocavənd rayonu ərazisində bir sıra uğurlu döyüş əməliyyatlarının iştirakçısı olan Fərid vətən torpaqlarının işğaldan tam azad olunması arzusu ilə alışıb yanırdı. Lakin onun döyüş yolu qısa oldu və böyük Zəfəri görə bilmədi. Oktyabrın 9-da Hadrut uğrunda döyüşlərdə fərqlənən Fərid düşmən gülləsinə sipər olaraq gözlərini əbədi yumdu və şəhidlik zirvəsinə ucaldı.

Subay idi.

Kiçik gizir Quliyev Fərid Ayazxan oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

16 oktyabr 2020-ci ildə Cəlilabad rayonunu, Babalı kəndində dəfn olunub.