Nicat Səmədov: Əsir düşməmək üçün son gülləsini özünə vuran şəhid gizir

2021/05/nicat-1622373153.jpg

line

Ad: Nicat
Soyad: Səmədov
Ata adı: Şahin
Doğum tarixi: 26.12.1993
Rütbə: Gizir


Səmədov Nicat Şahin oğlu 26 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Binəqədi rayonu Biləcəri qəsəbəsində 297 nömrəli məktəbin birinci sinfinə daxil olan olan Nicat sonradan orta təhsilini Bakı şəhəri Yasamal rayonu fizika-riyaziyyat, informatika liseyində davam etdirmişdir. 2009-ildən isə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində öz təhsilini davam etdirərək 2011-ci ildə oranı uğurla başa vurmuşdur. Təhsilini bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanan Nicat hərb sənəti ilə yaxından maraqlanmağa başladı. Məhz bu maraq onu 2019-cu ildə Dövlət Sərhəd Xidməti siralarına gətirdi. Hər zaman öz davranışı və intizmı ilə seçilən Nicat Çevik Hərkət Qüvvə¬lərinin Çevik Hərəkət Briqadasında taqım komandirinin müavini kimi də bir sıra uğurlara imza atmışdır. Tabeliyində olan şəxsi heyətə daim qayğı göstərən Nicat, eyni zamanda özünün də peşəkarlığının artırılmasəna xüsusi fikir verirdi.

44 günlük Vətən müharibəsi dövründə özünü əsl qəhrəman kimi göstərən Nicat döyüş yoldaşları ilə birlikdə Zəngilan istiqamətində cənub sərhədlərimizin düşmən tapdağından azad olunması uğrunda döyüşlərdə iştirak etmişdir. 22 oktyabr 2020-ci il tarixdə İran İslam respublikası ilə dövlət sərhədi tam bərpa olunduqdan sonra Zəngilan rayonu ərazsində Ermənistanla sərhəddə yerləşən Sığırd yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə bölükləri ilə birlikdə düşmən pusqusuna düşmüş, yaralanmağina baxmayaraq 2 saat ərzində düşmənlə mətinliklə vuruşmuş, yoldaşlarının pusqudan çıxmasına şərait yaratmışdır. Lakin mənfur düşmənin əlinə əsir düşəcəyini görən gizir Səmədov Nicat əsir düşməmək üçün son gülləsini özünə vuraraq qəhrəmancasına şəhid olmuşdur.

Subay idi.

Gizir Səmədov Nicat Şahin oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə də təltif olunmuşdur.

29 oktyabr 2020-ci il tarixdə Binəqədi rayonu Sulutəpə qəsəbəsində dəfn edilib.