Təbriz Talıbov: Vətəni üçün canından keçən kiçik gizir

2021/05/tebri-1622372254.jpg

line

Ad: Təbriz
Soyad: Talıbov
Ata adı: Məhərrəməli
Doğum tarixi: 11.06.1994
Rütbə: Kiçik gizir


Kiçik gizir Talıbov Təbriz Məhərrəməli oğlu 11 iyun 1994-cü ildə Lerik rayonunun Ləkər kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə Siyov kənd tam orta məktəbində təhsil almışdır. 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanan Təbriz əsgərlik dövründə özünün intizamı və hərb sənətinə marağı ilə seçilirdi. 2014-cü ildə təxris olunsa da bir neçə aydan sonra Dövlət Sərhəd Xidməti sıralarında xidmətə qəbul olunmaq üçün müraciət etdi. Çox keçmədi onun müraciəti müsbət həll olundu və Təbriz 2015-ci ilin sentyabr ayında Dövlət Sərhəd Xidmətinin sıralarına qəbul olundu və Çevik Hərəkət Briqadasında sürücü-mexanik kimi xidmətə başladı. Xidməti dövründə çalışqanlığı və yardımsevərliyi ilə hərbi kollektivin hörmətini qazanmışdır.

Sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən Təbriz Çevik Hərəkət Bölüyünün tərkibində ön cəbhəyə yollandı. Onun döyüş yolu Cəbrayıl və Zəngilan rayonlarından keçmişdir. Təbriz döyüşlərin ən qızğın vaxtlarında ona verilmiş tapşırıqların öhdəsindən laiqincə gəlmiş, ona təhkim olunmuş döyüş texnikasını daima döyüşə saz vəziyyətdə saxlamış, döyüş əməliyyatlarında ondan bacarıqla istifadə etmişdir. Bir sıra düşmən hədəflərini məhv edən Təbriz döyüş yoldaşları ilə birlikdə 2020-ci il oktyabrın 22-də Zəngilan rayonu ərazisində Sığırd yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə düşmən puqusuna düşdü. İki saat ərzində düşmənlə mətanətlə vuruşaraq yoldaşlarının pusqudan çıxmasına şərait yaradan Təbriz qəhrəmancasına şəhid oldu.

Ailəli idi. İki övladı yadigar qalıb.

Kiçik gizir Talıbov Təbriz Məhərrəməli oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
2020-ci il oktyabrın 29-da Lerik rayonu Ləkər kəndində dəfn edilib.

memorial.az