Vüsal Şahmarlı: Aprel döyüşlərinin və Vətən müharibəsinin qəhrəmanı

2021/05/Vüsa-1621337087.jpg

line

Ad: Vüsal
Soyad: Şahmarlı
Ata adı: Mərdan
Doğum tarixi: 11.10.1996
Rütbə: Əsgər

Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Vüsal Şahmarlıdır.

Vüsal Mərdan oğlu Şahmarlı 11 oktyabr 1996-cı ildə İmişli rayonunun Sarıxanlı kəndində dünyaya göz açmışdır.

İlk təhsilini Rusiyanın Tümen şəhərində alan Vüsal 5-ci sinifdə oxuyarkən ailəsi ilə birlikdə Azərbaycana qayıtmış və Bakı şəhəri 138 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Orta təhsilini 2014-cü ildə başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. Gədəbəydə hərbi xidmətinə başlamışdır. Hərbi xidmət müddətində 2016-cı ilin aprel ayında baş verən Dördgünlük müharibədə iştirak etmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra Vüsal xüsusilə, biznes sahəsində çalışmışdır.

2020-ci ilin iyul-sentyabr aylarında Vüsal Şahmarlı da səfərbər olunmuş, 21 sentyabr tarixində hərbi təlim toplantılarına çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Vüsal Şahmarlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində 5 oktyabr tarixindən iştirak etmişdir. Topatıcı əsgər olaraq hərbi əməliyyatlarda, xüsusilə də, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 18 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi münasibətilə ailəsi ilə əlaqə saxladıqdan 40 dəqiqə sonra snayper atəşi nəticəsində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Şahmarlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.