Azər Əliyev: “Cəsur döyüşçü” medalı qəhrəman şəhid

2021/05/Scree-1620114034.jpg
Oxunub: 19     11:36     04 May 2021    
Azər Dilafət oğlu Əliyev 1 noyabr 1997-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Azər Əliyev hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Azər Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 15 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir. Uzun müddət koma vəziyyətində olan Azər Əliyev 28 yanvar 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. 29 yanvar 2021-ci ildə doğulduğu Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində torpağa tapşırılmışdır. Ailəli idi, bir azyaşlı qızı yadigar qalıb.
2021-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndinin küçələrindən birinə Azər Əliyevin adı verilib. Bundan başqa, həmin kənddə onunla birgə iki şəhidin - Sahil Məmmədov və Sənan Miriyevin xatirəsi əbədiləşdirilərək onlara abidə ucaldılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


“Vətən uğrunda”medalı
“Xocavəndin azad olmasına görə” medalı
«Vətən müharibəsi» iştirakçısı” medalı
“Cəsur döyüşçü” medalı


memorial.az